Kontentə keç

Kvebek jest dilinə tərcüməyə ehtiyac var

Kvebek jest dilinə tərcüməyə ehtiyac var

Şərqi Kanadada fransızdilli ərazidə eşitmə qüsurlu insanların çoxu Kvebek jest dilini (KJD) a istifadə edir. Bu insanların sayı cəmi 6000 olduğuna görə Kvebek jest dilində az sayda nəşr mövcuddur. Bu səbəbdən, Yehovanın Şahidləri onların Müqəddəs Kitabı başa düşmələri üçün son vaxtlarda daha çox çalışırlar ki, Kvebek jest dilində pulsuz və keyfiyyətli nəşrlər hazırlansın.

Tərcümə işinin nəyə görə belə əhəmiyyətli olduğunu anlamaq üçün Marselin hekayəsinə nəzər salaq. O, 1941-ci ildə Kanadanın Kvebek əyalətində dünyaya gəlib. İki il sonra meningit xəstəliyinə tutulur və eşitmə qabiliyyətini itirir. Marsel bölüşür: «Doqquz yaşım olanda eşitmə qüsurlu olanlar üçün məktəbə getməyə başladım və orada KJD-ni öyrəndim. Orada jest dilini öyrənmək üçün bəzi kitablar olsa da, o dildə heç bir nəşr yox idi».

Kvebek jest dilində nəşrlərin hazırlanması niyə vacibdir? Marsel cavab verir: «Kar insanlar istəyirlər ki, dil baryeri ilə mübarizə aparmaq yerinə tam şəkildə başa düşdükləri dildə məlumat əldə etsinlər. Kvebek jest dilində nəşrlər olmasa, biz yalnız danışıq dilinə güvənməli oluruq, beləcə çox şeydən məhrum qalırıq!»

KJD-dən istifadə edən Marsel və digər eşitmə qüsurlu insanlar üçün Yehovanın Şahidlərinin ilk nəşri 2005-ci ildə dərc edilib. Təzəlikcə onlar Monrealdakı (Kvebek) tərcümə ofislərini genişləndiriblər. Bu ofisin işçi heyətinə yeddi tamvaxtlı və çoxlu yarımvaxtlı işçilər daxildir. Təşkil olunan üç tərcümə qrupu Kvebek jest dilində videolar hazırlamaq üçün peşəkarlıqla təchiz olunmuş iki yerli studiyadan istifadə edir.

KJD cəmiyyəti Yehovanın Şahidlərinin hazırladıqları nəşrlərin keyfiyyətini bəyənir. Asesasyon de Suğ dö Lestğinin («Association des Sourds de l’Estrie») direktor müavini Stefan Jak deyir: «Mən onların nəşrlərini çox keyfiyyətli hazırlandığını düşünürəm. Jestlər həqiqətən aydın və üz ifadələri çox gözəldir. Həmçinin video proqramlarda iştirak edən insanların geyim tərzini də çox bəyənirəm».

Bütün dünyadakı Yehovanın Şahidlərinin həftəlik görüşlərdə araşdırdığı «Gözətçi qülləsi» jurnalı artıq Kvebek jest dilində də mövcuddur b. Bu jurnaldan 220 Yehovanın Şahidi, eyni zamanda Kvebekdə keçirilən 7 yığıncaq və qruplar istifadə edir c. Bundan əlavə, Yehovanın Şahidlərinin Kvebek jest dilində onlayn videolarının və Müqəddəs Kitaba əsaslanan nəğmələrinin sayı get-gedə artır.

Yuxarıda adı çəkilən Marsel Kvebek jest dilində nəşrlərin sayının artdığını görəndə sevinir. O, Yehovanın Şahidlərinin hazırladıqları bu nəşrlərə görə səmimi minnətdarlığını belə ifadə edir: «jw.org saytında Kvebek jest dilində çoxlu videoların olması əsl hədiyyədir. Nəşrləri öz doğma dilimdə görmək məni xoşbəxt edir!»

a KJD-nin (fransızca: Langue des signes québécoise) geniş istifadə olunan Amerika jest dili ilə bənzərlikləri çox olsa da, fərqli bir jest dilidir.

b Kvebekdə eşitmə qüsurlu insanlar üçün xeyriyyə təşkilatı.

c Kvebek jest dilində «Gözətçi qülləsi»nin təlim nəşri 2017-ci il yanvar sayından etibarən dərc olunur.