Kanadada yaşayan aborigenlərə kömək edilir
Kanadada 60-dan çox aborigen (yerli) dilində danışılır. Statistikaya əsasən, bu dillərdən birində təxminən 213000 kanadalı danışır.
Aborigen xalqının ürəyinə yol tapmaq üçün bir çox Yehovanın Şahidi bu dillərdən birini öyrənir. 2015-ci ilin sonuna qədər 250-dən çox insan Yehovanın Şahidlərinin təsis etdiyi aborigen dil kursunu bitirib.
Üstəlik, Yehovanın Şahidləri Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları və qısametrajlı videoları Kanadadakı səkkiz aborigen dilinə — alqonkin, blekfut, pleyn kri, qərbi bataqlıq kri, inuktitut, mohavk, ottava və şimali ocibve dillərinə a tərcümə edirlər.
Aborigen dilini öyrənənlər etiraf edirlər ki, bu onlar üçün çətindir. Karma deyir: «Blekfut tərcümə qrupuna kömək edəndə mənə elə gəlirdi ki, kor-koranə işləyirəm. Çünki dili elə də yaxşı bilmirdim. Mən nə blekfut dilində oxuya bilirdim, nə də o dildə danışılanların çoxunu başa düşürdüm».
Qərbi bataqlıq kri tərcümə qrupunda xidmət edən Terens isə deyir: «Sözlərin çoxu uzundur və çətin tələffüz olunur». Manitoulin adasında (Ontario) tammüddətli xidmət edən Deniel bölüşür: «Mənbələr məhduddur. Ottava dilini öyrənməyin ən yaxşı üsulu bu dili yaxşı bilən yaşlı insanlardan öyrənməkdir».
Çəkilən bu qədər zəhmətə dəyər? Ocibve dilində danışan bir qadın qeyd edir ki, çəkdikləri bu zəhmət Yehovanın Şahidlərini digər dinlərdən fərqləndirir. O deyir ki, Yehovanın Şahidləri insanların evlərinə getdikləri və ayələri ocibve dilində oxuduqları üçün Müqəddəs Kitab dərsi keçmək insanlara daha rahat gəlir.
Albertadakı Blad Trayb rezervasiyasında böyüyən tərcüməçi Bert qeyd edir: «Fikir vermişəm ki, blekfut dilində danışan insanlar nəşri bağırlarına basıb: “Bu, mənim dilimdədir. Mənim üçündür!” — deyirlər. Çox vaxt onlar ana dillərində videoya baxanda ağlayırlar».
Kri dilində danışan bir qadın «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosuna öz ana dilində baxanda bu, ona çox güclü təsir bağışlamışdı. O demişdi ki, sanki anası onunla danışır.
Çox şeydən keçənlər
Bir çox Yehovanın Şahidi Müqəddəs Kitabdakı xoş xəbəri aborigenlərə çatdırmaq üçün xüsusi səy göstəriblər. Terens və həyat yoldaşı Orlean baş verən bir hadisəni bölüşürlər. Onlar deyir: «Biz bir dəfə Litl Qrənd Rəpids rezervasiyasına getmək üçün təxminən 12 saat buzlu yolla piyada getmişik. Nəticə çox heyrətamiz idi!»
Bir başqaları isə rahat, isti evlərini qoyub aborigenlərə yaxın yerlərə köçüblər. Manitoulin adasındakı üçaylıq təbliğ kampaniyasında iştirak edəndən sonra Deniel və həyat yoldaşı Lian oraya köçmək qərarına gəldilər. Deniel deyir: «İndi insanların etibarını qazanmaq və onların marağını artırmaq üçün daha çox vaxtımız var».
«Çünki mən onları çox sevirəm»
Nəyə görə Yehovanın Şahidləri aborigenlərə xoş xəbəri çatdırmaq üçün bu qədər zəhmət çəkirlər? Bertin həyat yoldaşı Roz izah edir: «Bu yerin adamı olduğum, eləcə də Müqəddəs Kitab prinsiplərinin faydasını gördüyüm üçün başqalarına kömək etməyə çalışıram».
Orlean isə belə deyir: «İstəyirəm kri dilində danışan insanların da Yaradanımızın rəhbərliyinə itaət etmək imkanı olsun. Onlara Yehovaya yaxınlaşmağa və hər gün qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə kömək etmək böyük şərəfdir».
Mark Blekfut tərcümə qrupunda xidmət edir. Ondan soruşanda ki, nəyə görə aborigenlərə kömək etmək istəyir? O belə demişdi: «Çünki mən onları çox sevirəm».
a Birləşmiş Ştatlarda yaşayan aborigenlər də bu dillərdən bəzilərində danışırlar.