Nəyə görə Yehovanın Şahidləri vətənpərvərlik mərasimlərində iştirak etmirlər?
Yehovanın Şahidləri hökumətlərə və onların dövlət rəmzlərinə, eləcə də insanların andiçmə mərasimində iştirak etməsinə, bayrağa təzim etməsinə və dövlət himni oxumasına hörmətlə yanaşır. Biz başa düşürük ki, bu cür mərasimlərdə iştirak edib-etməmək hər kəsin şəxsi seçimidir.
Yehovanın Şahidləri bu cür mərasimlərdə iştirak etmirlər, çünki biz onların Müqəddəs Kitab təlimlərinə zidd olduqlarına inanırıq. Biz insanların seçiminə hörmətlə yanaşdığımız kimi, onlar da bizim seçimimizə hörmətlə yanaşanda bunu çox qiymətləndiririk.
Bu məqalədə
Mövqeyimiz hansı Müqəddəs Kitab prinsiplərinə əsaslanır?
Seçimimiz xüsusilə növbəti iki Müqəddəs Kitab prinsipinə əsaslanır:
Yalnız Allah ibadətə layiqdir. Müqəddəs Kitabda yazılıb: «Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Luka 4:8). Adətən and və dövlət himnlərində ilk növbədə dövlətə sədaqəti vəd edən söz və ifadələrdən istifadə olunur. Yehovanın Şahidləri üçün isə Allaha sədaqət hər şeydən öndədir. Bu səbəbdən vicdanımız bu cür mərasimlərdə iştirak etməyə yol vermir.
Yehovanın Şahidləri həmçinin hesab edirlər ki, bayrağa təzim Müqəddəs Kitabda qadağan olunan ibadət və ya bütpərəstlikdir (1 Korinflilərə 10:14). Bəzi tarixçilər dövlət bayraqlarının əslində dini simvol olduğunu deyir. Tarixçi Karlton Heys yazır: «Bayraq millətçiliyin əsas ehkamına və pərəstiş obyektinə çevrilmişdir» a. Yazıçı Daniel Maniks qeyd edir: «[Erkən] məsihilər... imperatorun şərəfinə qurban gətirməkdən imtina edirdilər. Bu gün bu, bayrağa təzim etməkdən imtinaya bərabərdir» b.
Yehovanın Şahidləri bayrağa təzim etməsələr də, nə onu yandırır, nə də tapdalayırlar. Biz digər dövlət rəmzlərinə qarşı da hörmətsizlik etmirik.
Bütün insanlar Allah qarşısında bərabərdir (Həvarilərin işləri 10:34, 35). Müqəddəs Kitabda deyilir ki, Allah «bir insandan hər xalqı yaratdı» (Həvarilərin işləri 17:26). Buna görə də Yehovanın Şahidləri hesab edir ki, bir xalqı və ya milləti digərindən üstün tutmaq düzgün deyil. Biz mənşəyindən və harada yaşamasından asılı olmayaraq, bütün insanlara hörmətlə yanaşırıq (1 Butrus 2:17).
Bu cür mərasimlərdə iştirak etməyi qanun tələb edirsə, onda necə?
Yehovanın Şahidləri hökumətə qarşı çıxmırlar. Biz inanırıq ki, hökumətlər Allahın izni ilə mövcud olan quruluşlardan biridir (Romalılara 13:1—7). Həmçinin inanırıq ki, məsihilər hökumətə tabe olmalıdırlar (Luka 20:25).
Bəs əgər dövlət qanunları ilə Allahın qanunları arasında ziddiyyət yaranırsa, onda necə? Bəzi hallarda qanunlara dəyişiklik edilməsi üçün hökumətə müraciət etmək olar c. Dəyişiklik etmək mümkün olmadıqda isə, «biz insanlara yox, hökmdarımız Allaha itaət» edirik (Həvarilərin işləri 5:29).
Yehovanın Şahidləri ictimai və siyasi məsələlərdə tərəf tuturlar?
Xeyr. Yehovanın Şahidləri ictimai və siyasi məsələlərdə tərəf tutmurlar. Bizim andiçmə mərasimlərində iştirak etməkdən, bayrağa təzim etməkdən və himn oxumaqdan imtina etməyimizin səbəbi siyasi fəallar olmağımız deyil, Müqəddəs Kitaba əsaslanan etiqadlarımızdır.
a «Essays on Nationalism», səhifə 107, 108.
b «The Way of the Gladiator», səhifə 212.
c Nümunə üçün «Onların cəsarətli davranışı sayəsində 75 il əvvəl həlledici bir məhkəmə qərarı verildi» adlı məqaləyə baxın.