Yehovanın Şahidləri görüşməyə necə baxırlar?
Yehovanın Şahidləri inanırlar ki, Müqəddəs Kitabdakı qanun və prinsiplər Allahı razı salan və bizim üçün faydalı olan qərarlar verməyə kömək edir (Əşiya 48:17, 18). Bu qanun və prinsipləri biz özümüz yaratmamışıq, amma onlara uyğun yaşayırıq. Bu qanunların bəzilərini görüşmək mövzusuna da aid etmək olar a. Məsələn:
Evlilik əbədi ittifaqdır (Mətta 19:6). Görüşmək evliliyə doğru atılan addım olduğu üçün Yehovanın Şahidləri buna ciddi yanaşırlar.
Yalnız evliliyə yaşı çatan insanlar görüşə bilərlər. Yəni görüşmək istəyənlərin «gəncliyinin qaynar çağı», başqa sözlə desək, cinsi istəklərinin ən güclü dövrü keçməlidir (1 Korinflilərə 7:36).
Allahın nöqteyi-nəzərində boşanmağın yeganə səbəbi cinsi əxlaqsızlıqdır. Əgər insan başqa səbəbə görə boşanıbsa, o, Yehova Allahın gözündə evlilikdən azad sayılmır. Buna görə də yenidən görüşüb ailə qura bilməz (Mətta 19:9).
Ailə qurmaq istəyən məsihi yalnız imanına şərik olan insanla evlənməlidir (1 Korinflilərə 7:39). Yəni sadəcə etiqadına hörmət edən insanla yox, bu etiqadı bölüşən və ona uyğun yaşayan vəftiz olmuş dindaşı ilə evlənə bilər (2 Korinflilərə 6:14). Allah xidmətçilərinə həmişə buyurub ki, yalnız imanlarına şərik olan insanla ailə qursunlar (Yaradılış 24:3; Məlaki 2:11). Bu qanunun faydalı olduğunu müasir tədqiqatçılar da təsdiq edir b.
Uşaqlar valideynlərinə itaət etməlidirlər (Məsəllər 1:8; Koloslulara 3:20). Valideynləri ilə qalan övladlar ata-anasının görüşməklə bağlı qərarlarına da tabe olmalıdırlar. Həmin qərarlara görüşməyə neçə yaşdan başlamaq və birlikdə necə vaxt keçirmək daxil ola bilər.
Müqəddəs Kitaba əsasən Yehovanın Şahidləri görüşüb-görüşməməyi və ya kiminlə görüşməyi şəxsən özləri seçir. Bu, Allahın Kəlamındakı «hər kəs öz məsuliyyət yükünü daşıyacaq» prinsipinə uyğundur (Qalatiyalılara 6:5). Görüşmək istəyən şəxs onların xeyrini düşünən yetkin məsihilərdən məsləhət almaqla müdrik davranmış olurlar (Məsəllər 1:5).
Görüş zamanı əksər insanların etdiyi hərəkətlər əslində ciddi günahdır. Misal üçün, Müqəddəs Kitabda əmr edilir ki, cinsi əxlaqsızlıqdan uzaq durmalıyıq. Burada təkcə təbii cinsi əlaqə nəzərdə tutulmur. Bura həmçinin evli olmayan iki nəfər arasında edilən digər natəmiz hərəkətlər, məsələn, başqasının cinsiyyət üzvünü sığallamaq və ya qıcıqlandırmaq, oral və anal sekslə məşğul olmaq da daxildir (1 Korinflilərə 6:9—11). Hətta nikaha hazırlaşanların da ehtiras oyadan hərəkətlərə yol vermələri Allahın gözündə pisdir (Qalatiyalılara 5:19—21). «Nalayiq sözlər», yəni əxlaqsız söhbətlər də Müqəddəs Kitabda mühakimə olunur (Koloslulara 3:8).
İnsanın daxili varlığı olan ürək xaindir (Ərəmya 17:9). O, insanı səhv bildiyi şeyləri etməyə vadar edə bilər. Bunun qarşısını almaq üçün görüşən cütlüklər çalışırlar başqalarının əhatəsində olsunlar. Belə etməklə onlar əxlaqsızlığa sürükləyən vəziyyətlərdən qaçınırlar (Məsəllər 28:26). Evlənmək istəyən məsihilər tanışlıq saytların, xüsusilə də az tanıdıqları insanlarla sıx ünsiyyət qurmağın təhlükəli olduğunu bilirlər (Zəbur 26:4).
a Bəzi xalqların mədəniyyətində görüşməyə təbii yanaşılır, bəzilərində isə yox. Müqəddəs Kitabda görüşməyin mütləq olduğu deyilmir.
b Misal üçün, bir jurnalda deyilir: «Üç dərin araşdırmalar nəticəsində aydın olub ki, nikahların uzunömürlü olmasına (25—50 il və daha çox müddət) səbəb ailədə dini nöqteyi-nəzərin, Allaha imanın və dini etiqadın eyni olmasıdır (Marriage & Family Review, XXXVIII cild, I buraxılış, səhifə 88, 2005-ci il).