Yehovanın Şahidləri vaksinasiyanın əleyhinədir?
Xeyr. Yehovanın Şahidləri vaksinasiyanın əleyhinə deyillər. Biz hesab edirik ki, vaksinasiya olunub-olunmamaq hər bir məsihinin şəxsi qərarıdır. Bir çox Yehovanın Şahidləri artıq vaksinasiya olunub.
Biz keyfiyyətli müalicə almaq istəyirik və ciddi xəstəliklərin riskini azaldan tibbi nailiyyətləri qiymətləndiririk. Səhiyyə sahəsində çalışan və xüsusilə də bu böhran zamanı fədakarlıq göstərən mütəxəssislərə minnətdarıq.
Yehovanın Şahidləri səhiyyə işçiləri ilə əməkdaşlıq edir. Məsələn, COVID-19 pandemiyası başlayandan Yehovanın Şahidləri bu saytda insanları yerli hakimiyyət orqanlarının qoyduğu təhlükəsizlik qaydalarına riayət etməyə təşviq edən yüzlərlə dildə məqalələr dərc edib. Həmin qaydalara bunlar daxildir: fiziki məsafə saxlamaq, ictimai tədbirlərlə bağlı qaydalara riayət etmək, karantin, əl yumaq, maska taxmaq və sairə (Romalılara 13:1, 2).
Yehovanın Şahidləri nəşrlərində növbəti prinsipləri dəfələrlə vurğulayıb:
Sağlamlıqla bağlı qərarları hər kəs özü verməlidir (Qalatiyalılara 6:5).
«[Bu jurnal] hansısa konkret dərman və müalicə üsulunu tövsiyə etmir və tibbi məsləhətlər vermir. Burada sadəcə faktlar təqdim olunur. Hər kəs oxuyub özü qərar verməlidir» («Oyanın!» jurnalı, 1987-ci il 8 fevral sayı (ing.)).
«Özünüzə və ya uşağınıza peyvənd vurdurub-vurdurmamaq şəxsi məsələdir» («Oyanın!» jurnalı, 1965-ci il 22 avqust sayı (ing.)).
Biz həyata çox dəyər verdiyimiz üçün müalicəyə önəm veririk (Həvarilərin işləri 17:28).
«Yehovanın Şahidləri xəstələnəndə müalicə üçün mütəxəssislərə müraciət edirlər. Onlar həyatı sevirlər və ömürlərini uzatmaq üçün Müqəddəs Kitaba zidd getməyən üsullardan istifadə edirlər» («Gözətçi qülləsi» jurnalı, 1975-ci il 1 iyul sayı (ing.)).
«Yehovanın Şahidləri dərman qəbul etməyə və tibbi müalicəyə normal yanaşırlar. Onlar sağlamlıqlarının qayğısına qalır və mümkün qədər çox yaşamaq istəyirlər. Birinci əsrdə yaşayan Allahın xidmətçisi Luka kimi, Yehovanın Şahidlərinin arasında da həkim olanı var... Yehovanın Şahidləri tibb işçilərinin ağır zəhmətini və fədakarlığını yüksək qiymətləndirirlər. Onlar həmçinin insanlara köməklik göstərdiklərinə və xəstəlikləri yüngülləşdirməyə çalışdıqlarına görə həkimlərə ürəkdən minnətdardırlar» («Gözətçi qülləsi» jurnalı, 2011-ci il 1 aprel sayı).